Kosovonun şimalında seçkini serb partiyası qazanır

Kosovoda seçki

Kosovonun şimalında əsasən serblərin yaşadığı dörd bələdiyyədə seçkini ölkənin aparıcı serb partiyası udub. Bunu qeyri-hökumət təşkilatları koalisiyasının açıqladığı ilkin nəticələr göstərir.

Etnik serb bələdiyyələrinin merləri noyabrda istefa vermişdi. Bu istefadan bir neçə gün öncə isə Priştina hökuməti Serbiya və Bozniya-Herseqovinadan idxala 100 faizlik vergi qoymuşdu.

Seçki prosesini izləmiş Demokratiya Hərəkətdə (DnV) koalisiyası bildirib ki, bülletenlərin 85 faizi sayılıb və Serb Siyahısındakı namizədlər dörd bələdiyyədə səslərin 90 faizdən çoxunu yığıb.

Seçki orqanları seçicilərin 42 faizindən artığının səsverməyə getdiyini, səsvermənin rahat, problemsiz keçdiyini bildirib.

Seçkini ötən ay Kosovo Prezidenti Hashim Thaci təyin etmişdi.

Kosovo hökuməti bildirirdi ki, istefalara səbəb olmuş vergi qərarı Belqradın onun dövlətçiliyinə zərbə vurmaq cəhdlərinə cavabdır. Belqrad və Sarayevo bu addıma qəzəbli reaksiya vermiş, Avropa Birliyi və Birləşmiş Ştatlar onun ləğvinə çağırmışdı.

Kosovu 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib. Onu 100-dən artıq ölkə tanıyıb.