İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) Eurovision-2019 mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.
Bu barədə Azərbaycanda Eurovision musiqi yarışmasının yayımçısı olan İctimai TV-nin yaydığı açıqlamada qeyd olunur.
Açıqlamada bildirilir ki, mayın 19-da Eurovision-2019 mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı ölkənin xəritəsində Qarabağ və Naxçıvanın qeyd olunmadığı aşkarlanıb.
Açıqlamaya görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirib.
İctimai TV-dən vurğulayıblar ki, hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirlər.
Xatırlatma
İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində mayın 19-da Eurovision-2019 beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib. «Dare to Dream» (Arzulamağa cürət et) şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi Dunkan Lourens «Arcade» mahnısı ilə birinci olub.
Azərbaycanlı ifaçı Çingiz Mustafayev «Truth» mahnısı ilə yarışmanı 7-ci sirada başa vurub.