Huawei darda, GoT bitdi – Qərb mediası

Game of Thrones

Alphabet Inc-ə məxsus Google Huawei ilə biznesini dayandırır. “Reuters” agentliyi bunu məsələdən xəbərdar mənbəyə istinadla yazır və bu addımın ABŞ hökumətinin qara siyahısına düşmüş Huawei-yə zərbə olacağı bildirilir. Açıq lisenziya ilə çatımlı olanları çıxmaq şərtilə avadanlıq, proqram və texniki xidmətlərin transferi məhdudlaşdırılır.

Huawei smartfonlarında Google tətbiqləri olanlar onlardan istifadə edə, yeniləyə biləcəklər. Bunu Google-un sözçüsü deyib.

“Biz əmrlərə əməl edirik… Xidmətlərimizdən istifadə edənlər üçün Google Play və Google Play Protect-in təhlükəsizlik qorumaları mövcud Huawei cihazlarında qalacaq”, – sözçü deyib.

Agentlik bu addımın şirkətin Çindən kənarda smartfon biznesini axsadacağını yazır. Axı, texnologiya nəhəngi Google-un Android əməliyyat sisteminə çıxışını itirəcək. Huawei smartfonlarının Android-lə işləyən gələcək versiyaları isə Google Play Store, Gmail, YouTube kimi populyar xidmətlərdən məhrum olacaq.

Mənbə şirkətin yalnız Android-in açıq versiyasını işlədə biləcəyini vurğulayıb.

Huawei Çində sərgidə

11 milyard dollarlıq məhsul

Trump administrasiyası ötən həftə Huawei Technologies Co Ltd-ni qara siyahıya salıb. Məhdudiyyətlər şirkətin ABŞ-da biznes qurmasını xeyli çətinləşdirəcək.

Hələlik, Huawei son məlumatları şərh etməyib.

Intel Corp, Qualcomm Inc, Xilinx IncBroadcom Inc əlavə informasiya verilənədək Huawei-yə vacib proqram və komponentləri satmayacaqlarını bildiriblər. Bu informasiyanı isə Bloomberg dünən – mayın 19-da məsələdən agah mənbəyə istinadla yazıb.

“Frans Pres” yazır ki, Huawei hər ilk 67 milyard dollarlıq komponent alır, bunun 11 milyard dollarlıq hissəsi ABŞ-dakı təchizatçılardan gəlir.

ABŞ hökuməti şirkətin Çin hökuməti üçün casusluq etdiyini deyir, digər ölkələri yeni nəsil 5G mpbil şəbəkələrində ona yer verməməyə çağırır.

Huawei ittihamları danır. Şirkətinin qurucusu və rəhbəri Ren Zhengfei şənbə gün deyib ki, “qanunu pozan” heç nə etməyiblər. O, ABŞ-ın addımlarının məhdud təsir göstərəcəyini vurğulayıb.

Müəllif George R.R. Martin 3-cü sezonun açılışında, 2013-cü il

"Game of Thrones" bitdi

Səkkiz ildən sonra televiziya tarixində ən populyar şoulardan olan “Taxt-tac oyunu” (Game of Thrones) bazar günü izləyiciləri ilə vidalaşıb.

“Frans Pres” agentliyi final- 73-cü epizodu milyonlarla tamaşaçının evdə, minlərlə adamın isə barlarda izlədiyini yazır – Alyaskadan tutmuş, Ermənistanadək bu həyəcanın yaşandığını vurğulayır.

“Gərginlik futbol finalından artıq idi”, – Los Ancelesdə 52 yaşlı Ewald Klautky deyib.

Agentlik son bölümün sevinc, kədər, alqışlarla izləndiyini yazır. “Evdə sakitlikdə bir də baxacağam”, – 28 yaşlı mühəndis Shobhana Chetri söyləyib.

“AFP” "GoT"-in indiyədək çəkilmiş ən qaranlıq və ziddiyyətli seriallardan olduğunu, zorakılıqdan, ssenaridə zorlamadan dəfələrlə istifadə olunduğuna görə tənqid hədəfi olduğunu yazır.

170 ölkədə “Qış gəlir” reklam deviziylə efirə çıxan şounun hər bölümünün büdcəsi 15 milyon dollardır.

Yeddinci sezonun finalı isə ABŞ-da kabel televiziyaları üzrə rekord qırıb, yayım günü onu 16,5 milyon, sonradan daha 15 milyon nəfər izləyib.