Kommersant-ın jurnalistləri açıq məktub yazdılar

Kommersant qəzeti

Rusiyanın tanınmış Kommersant qəzetinin 180-dən artıq jurnalisti oxuculara açıq məktub yazaraq ölkənin “söz azadlığa layiq olduğunu” vurğulayıblar.

Bir gün öncə qəzetin 11 əməkdaşı iki həmkarlarının işdən çıxarılmasına etiraz olaraq işdən gediblər.

Jurnalistlər mayın 21-də yaydıqları məktubda qeyd edirlər ki, səhmdarlar “qısamüddətli siyasi qazanclar” naminə “Rusiyanın ən yaxşı media orqanlarından birini” məhv edirlər.

“Rusiyanın daha yaxşı gələcəyə layiq olduğuna əminik. O, söz azadlığa layiqdir”, – məktubda deyilir.

Kommersant-ın baş redaktor müavini Renata Yambayeva iki əməkdaşın qəzetin sahibi, Kremlə yaxın oliqarx Alisher Usmanov-un qərarıyla işdən çıxarıldığını bildirib.

İşdən çıxarılmış jurnalist Ivan Safronov

Usmanov-un təmsilçisi isə mayın 20-də deyib ki, milyarderin məsələyə aidiyyatı yoxdur, o, qəzet redaksiyasının qərarlarına müdaxilə etmir.

Yambayeva işdən çıxarılmaların “əsassız”, “qəzet üçün fəlakətli” olduğunu deyib, bunu jurnalistlərə “açıq təzyiq” adlandırıb.

***

Kommersant 2 jurnalisti işdən çıxarıb, 11-i istefa verib

Rusiyanın tanınmış “Kommersant” qəzetinin siyasi mövzularda yazan 11 jurnalisti iki həmkarın çıxarılmasına etiraz olaraq işdən gedib. İki müxbir parlamentin yuxarı palatasının rəhbərliyində mümkün dəyişiklikdən yazıblarmış.

“Kommersant”ın müxbiri Gleb Cherkasov mayın 20-də Facebook postunda yazıb ki, özü və daha 10 müxbir qəzetin siyasət bölümünün baş redaktor müavini Maksim Ivanov və xüsusi müxbir Ivan Safronov-un işdən çıxarılmasına etiraz olaraq istefa veriblər. Həmin iki müxbirin səhmdarların xahişilə işdən çıxarıldığı bildirilir. Məqalədə yazılıbmış ki, Federasiya Şurasının sədri Valentina Matviyenko vəzifəsindən gedə bilər.

Valentina Matviyenko

“Səhmdarın kadrlarla bağlı qərar vermək, işçinin isə yeganə mümkün yol – işini dəyişməklə onlarla razılaşmamaq hüququ var”, – Cherkasov yazıb.

Cherkasov-dan bir neçə dəqiqə öncə isə Ivanov Facebook-da yazıb ki, mayın 20-si özü və Safronov üçün sonuncu iş günüdür.

Kremlin müttəfiqi, Sankt Peterburqun keçmiş qubernatoru olan Matviyenko barədə məqalə aprelin 17-də dərc olunub. O, 2011-ci ildə Federasiya Şurasının rəhbəridir.

Məqalədə hökumət yaxın mənbələrə istinadla deyilirdi ki, Xaric Kəşfiyyat Xidmətinin rəhbəri Sergei Naryshkin mayda Matviyenko-nun yerinə gətirilə, o isə dövlət Pensiya Fondunda vəzifəyə aparıla bilər.

Aprelin 17-də Dozhd televiziyası da Matviyenko-nun vəzifədən getməsi məsələsinin Kremldə müzakirə olunduğunu bildirirdi.

Kommersant-ın sahibi, oliqarx Alisher Usmanov-un təmsilçiləri jurnalistlərlə bağlı hələlik, rəsmi bəyanat verməyiblər.

Martda Kommersant-ın jurnalisti Maria Karpenko deyirdi ki, Sankt Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beglov-un seçki kampaniyasından yazdığına görə işdən çıxarılıb.