Kompensasiyalar mayın 28-dək verilməlidir

S.Şərifov

Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası mayın sonunadək təmin ediləcək. Söhbət ilk növbədə, xarici valyutada olan kreditlərdən gedir.

AZƏRTAC-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov bu gün, mayın 21-də jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında lazım olan məbləğ müvafiq bank hesablarına köçürülüb. Bu işlərin mayın 28-dək başa çatdırılması planlaşdırılır.

Xatırlatma

Bu il fevralın 28-də prezident «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman verib. Fərmana əsasən, banklara 10 min dollara qədər borcu olan vətəndaşlara güzəşt edilir.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib, manat iki dəfə dəyər itirib. Bu sənəddə devalvasiyalarla həmin şəxslərə dəyən ziyanın dövlət hesabına ödənilməsi nəzərdə tutulub. Sənəd ümumilikdə 600 min şəxsə şamil edilməlidir.

Fərmana qədər Azərbaycanda problemli kreditlərin ümumilikdə 1.6 milyard manata yaxın olduğu deyilirdi.