Praqada hökumətə etiraz edirlər

Andrej Babiš-in istefasını tələb edirlər

Mayın 21-də Praqada minlərlə adam küçələrə çıxaraq Çexiyanın yeni ədliyyə nazirinə etiraz ediblər. Onun Baş nazir Andrej Babis-i dələduzluq iddialarından təmizə çıxaracağını deyirlər.

Dünənki etiraz Marie Benesova-ya qarşı yürüşlərin ən böyüyü idi. Təşkilatçılar onminlərlə adamın nümayişə qatıldığını deyirlər.

Etirazçıların fikrincə, Benesova milyarder Babis-i təmizə çıxara bilər. Ötən il baş nazirin ünvanına Avropa Birliyinin ayırdığı 2 milyon avro subsidiyanın mənimsənilməsi ilə bağlı ittihamlar səsləndirilib. Polis isə ötən ay prokurorları Babis-ə ittiham irəli sürməyə çağırıb.

Praqanın mərkəzindəki Vençeslas Meydanına yığışan nümayişçilər “Müstəqil Ədliyyə!”, “İstefa!”, “Utanın!” sözləri yazılmış plakatlar qaldırıblar.

Babis ittihamları dəfələrlə rədd edərək siyasi motivli adlandırıb. Təqsirli bilinərsə, ona 10 il həbs cəzası kəsilə bilər.

Babis-in populist ANO partiyası 2017-ci ilin oktyabrında parlamentin aşağı palatasındakı 200 yerin 78-ni qazanıb.

ANO Sosial Demokratlarla alyans yaradıb, Kommunistlər də onları dəstəkləyir.

71 yaşlı Benesova 2013-2014-cü illərdə ədliyyə naziri, 1999-2005-ci illərdə baş prokuror vəzifələrində işləyib.