Daha elektrik kəsiləndə metroda qalan olmamalıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Metroda qalanların çıxarılması - '28 may' (3 iyul 2018)

Fövqəladə hallarda elektrik enerjisi ilə təminatın dizel elektrik stansiyaları vasitəsilə aparılması daha məqsədəuyğun hesab edilib.

Bu barədə «Bakı Metropoliteni» QSC-nin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilib ki, metropolitendə müxtəlif növ cərəyan və gərginlik tələb edən sahələr fəaliyyət göstərir, fövqəladə hallarda elektrik enerjisi ilə təminatın dizel elektrik stansiyaları vasitəsilə aparılması məqsədəuyğun sayılıb.

Məlumata görə, araşdırmalar nəticəsində dizel elektrik stansiyalarının metropoliten stansiyalarında və ya onların yaxınlığında qurulmasının effektivsizliyi müəyyən olunub: ​««Azərişıq» ASC ilə hərtərəfli müzakirələrdən sonra dizel-elektrik stansiyalarının yerləşmə nöqtələri müəyyən olunub və birgə konsepsiya hazırlanıb. Metropolitenin əsas enerji ehtiyaclarının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Alınacaq generatorların ümumi gücü də müəyyən olunub. Ümumılikdə «Azərişıq» ASC-nin yarımstansiyalarında 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generatorun qurulması qətiləşib».

Məlumatda yazılıb ki, həmin qurğular artıq təyinatı üzrə müvafiq yarımstansiyalarda quraşdırılıb, hazırda sazlama işləri aparılır.

Xatırlatma

2018-ci il iyulun 3-də Mingəçevirdəki «Azərbaycan» İstilik Elektrik Stansiyasında qəza baş vermişdi. Nəticədə Bakı və ölkənin bir çox şəhərləri də daxil əksər yaşayış məntəqələrində elektrik təminatı dayanmışdı. Həmin vaxt bu, Bakı Metropoliteninin fəaliyyətinə də mənfi təsir göstərmişdi. Elektrik kəsiləndə metroda çoxsaylı insan çıxılmaz duruma düşmüşdü.

Bu məsələ ötən il iyulun 4-də prezident yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar keçirilən müşavirədə də gündəmə gəlmişdi.