Vəkil məhkəmənin gecikdirildiyini düşünür

Polis

«Mənim vəkil olaraq hüquqlarının bərpası ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etməyimdən üç gün keçməsinə baxmayaraq, hələ də məhkəmə baxışı təyin edilməyib».

Bunu bu gün, mayın 24-də AzadlıqRadiosuna vəkil Yavər Hüseyn deyib. O əlavə edib ki, mayın 18-dən vəkilləri olduğu iki şəxslə-Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılovla görüşə bilmir.

Vəkil vurğulayıb ki, dəfələrlə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də və Baş Prokurorluğa müraciət etsə də, istəyinə nail olmayıb. Onun qeyd etməsinə görə, sözügedən idarədən deyiblər ki, müdafiə etdiyi şəxslər burada saxlanmır: «Belə başa düşürəm ki, məhkəmədə də bilərəkdən «yubandırma mexanizmi» tətbiq edərək, məsələyə «görək nə olur» bucağından yanaşırlar».

Vəkilin bu dediklərinə, hələlik, Nərimanov Rayon Məhkəməsi və hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

AXH-dan bildiriblər ki, mayın 25-nə mitinq təyin etdiklərindən son həftələr bir çox fəallar saxlanıb. «Onların çoxu buraxılsa da, 3 nəfərdən, hələlik, məlumat ala bilmirik», - qurumdan qeyd ediblər.

AXH-dən verilən məlumata görə, mitinq Qarabağ münaqişəsi və sosial məsələlərə həsr edilib, amma şəhər rəhbərliyindən razılıq əldə etmək mümkün olmayıb. Qurumdan qeyd edildiyinə görə, şəhər rəhbərliyi aksiyanı məqsədəuyğun saymamasını Qarabağ probleminin Azərbaycanın milli maraqları baxımından həll olunmasından ötrü Prezidentin danışıqlar aparması, bu danışıqların beynəlxalq və yerli kütləvi informasiya vasitələrində hərtərəfli işıqlandırılması ilə izah edib.

Hərəkata daxil olan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib ki, yayılan şayiələrə baxmayaraq, onlar icazəsiz aksiya keçirməyi düşünmürlər: «Buz bunu AXH İdarə Heyətinin iclasında da bildirdik. Qərara gəldik ki, iyun ayında aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edək».

Azərbaycan rəsmiləri isə ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər. Onların demələrinə görə, heç kim ölkədə dinc siyasi fəaliyyətinə görə təzyiq və həbslərlə üzləşmir.

AXH bu ilin əvvəlində yaradılıb. Quruma bir sıra partiya və ictimai şəxslər daxildir.