Theresa May istefa verir

Theresa May Londonda bəyanat verir, 24 may, 2019-cu il

Britaniyanın Baş naziri Theresa May iyunun 7-də Britaniya Mühafizəkarlar Partiyasının rəhbərliyindən istefa verəcəyini açıqlayıb.

Dauninq Stritdə emosional çıxış edən May deyib ki, Avropa Birliyindən çıxmaqla bağlı referendumun nəticələrinin təmin olunmasından ötrü “əlindən gələni” edib.

O deyib ki, Breksiti (Britaniyanın AB-dən çıxması) gerçəkləşdirə bilmədiyinə görə “dərin təəssüf” hissi keçirəcək, BBC yazır.

***Buna da bax: Britaniya parlamenti Breksitin 4 alternativ variantını da rədd edir

May deyib ki, yeni lider seçilənədək baş nazir vəzifəsini icra edəcək. Bu proses bir neçə həftə çəkə bilər.

Britaniyanın AB üzvlüyünə könülsüz yanaşan May 2016-cı ilin Brexit referendumundan sonra bu posta seçilib.

Ölkəni qrafikə uyğun olaraq AB-dən çıxara bilmədiyinə görə partiyası ona istefa vermək üçün təzyiq göstərirdi.

Onun gedişi Mühafizəkar partiyasının rəhbərliyi uğrunda mübarizəni qızışdıracaq. Keçmiş xarici işlər naziri, Brexit təbliğatçısı Boris Johnson ən iddialı namizəd sayılır.

Britaniya oktyabrın 31-də AB-dən çıxmalıdır, ancaq parlament hələlik, bu çıxışın şərtlərini təsdiqləməlidir.