Kabildə məsciddə ölən, yaralananlar var

Partlayışda yaralanmış əfqanlar

Mayın 24-də Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib, bir nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi AzadlıqRadiosu-nun əfqan xidmətinə ölənin məscidin imamı Mawlawi Raihan olduğunu deyib.

Yerli polis rəsmisinin “The Associated Press” agentliyinə bildirməsinə görə, bomba məscid rəhbərinin istifadə etdiyi mikrofona yerləşdirilib.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. Ancaq Taliban və İslam Dövləti qruplaşmaları Kabildə tez-tez hücumlar törədirlər.

Partlayışın baş verdiyi ərazidə daha çox etnik paştunlar yaşayır, onların da çoxu sünni müsəlmanlardır.

Raihan Kabildə tanınan şəxs idi, yerli televiziyada dini proqramlarda tez-tez çıxış edirdi.