G.Aslanlı: “Polis konfransa kobud müdaxilə etdi”

Gülağa Aslanli, Müsavat partiyasının üzvü

“ Bu gün, mayın 25-də Zaqatala rayonunda Müsavat Partiyası yerli təşkilatının növbəti qurultaya hazırlıqla bağlı konfransına polis kobud şəkildə müdaxilə etdi və tədbir baş tutmadı”.

Bunu Azadlıq Radiosuna Zaqatala rayonunda olan Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

G.Aslanlı bildirib ki, konfrans Müsavat Partiyasının başqanı Arif Hacılının Tala kəndindəki ata evində keçirilməli idi: “ Çünki rayonda qərargahımız yoxdur. 20 nəfərə qədər polis həyətə daxil oldu. Bizə bildirdilər ki, rayon icra hakimiyyətindən icazə alınmadığına görə, konfransın keçirilməsinə icazə verilməyəcək. Biz də izah etdik ki, bu tələb qanunda və ya Konstitusiyada nəzərdə tutulmur, ona görə də qanunsuzdur . Amma bütün bunlara baxmayaraq polislər müdaxiləni dayandırmadılar və tədbirin keçirilnməsi baş tutmadı.”

G.Aslanlının sözlərinə görə, hətta polislər Zaqatalada oturub çay içib, çörək yeməyə də onlara imkan verməyib: “Bir tərəfdən cəmiyyət fəallaşır, digər tərəfdən Müsavat Partiyası başqanı ABŞ-da görüşlər keçirir, ona görə də hətta 20-25 nəfər vətəndşaın bir yerə toplanması belə hakimiyyəti narahat edir ”

Bütün bu deyilənlərə, hələlik, Zaqatala rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.Onların deməsinə görə, heç kəsə dinc, sivil siyasi fəaliyyətinə görə, təzyiq edilmir.

Xatırlatma

Müsavat Partiyası IX qurultaya hazırlaşır. Qurultaya nümayəndələrin seçilməsi ilə bağlı rayon təşkilatlarının konfransları keçirilir.

Dünən, mayın 24-də Müsavat Partiyasının başqanı Arif Hacılı da demişdi ki, polisin 7-8 əməkdaşı Tala kəndində darvazalarını zor gücünə açaraq həyətə daxil olublar və qonşulardan qardaşı Mustafa Hacıbəylinin yerini soruşublar.Arif Hacılı qeyd etmişdi ki, polisin onun ata evinə gəlməsi sabah, mayın 25-nə planlaşdırılan partiyanın yerli təşkilatların konfransı ilə bağlıdır:“Məlumat aldım ki, Zaqatalanın hakimiyyət strukturları məsələ ilə bağlı ciddi narahat olublar və toplantının atam evində keçirilməsilə bağlı qərar qəbul etdik. Bu barədə hakimiyyət strukturları xəbər tutub və toplantının keçirilməsinə maneçilik törətmək xəttini götürüblər. Bizə irad bildirilib ki, toplantı haqqında yerli icra hakimiyyət orqanlarına məlumat verilməyib və deyilib ki, əgər sabah tədbir keçirilərsə qarşıdurma yaranacaq”.

Onda da bu deyilənlərə hüquq mühafizə və başqa rəsmi orqanlarından münasibət almaq mümkün olmamışdı.