Xələf Xələfov Keşikçidağdan danışdı

X.Xələfov

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın açıqlamasına münasibət bildirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

L.Darsaliya açıqlamasında Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin müəyyən edilməsi üzrə komissiyanın son iclası haqqında danışıb.

Azərbaycan XİN-in bildirməsinə görə, L.Darsaliya deyib ki, «Komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmamasının vacibliyi məsələsini qaldırdıq».

X.Xələfov isə öz növbəsində bunları deyib: «Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. «Keşikçidağ» hissəsində sərhəd həmişə olub. O, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu, qorunmaqda davam etdirilir».

Nazir müavini deyib ki, gürcüstanlı zəvvarların «Keşikçidağ» qoruğunun ərazisində yerləşən mağaralara keçidləri qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. «Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu, hər bir tərəfin suveren hüququdur», - nazir müavini bildirib.

Keşikçi məbədi və ya «David Qareci»...

Mayın 23-24-də Bakıda Azərbaycanla Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası (sərhədin müəyyən edilməsi) və demarkasiyası (sərhədlər müəyyənləşənə qədər ayıran xətt) üzrə komissiyanın 12-ci iclası keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini X.Xələfov, Gürcüstan tərəfindən nümayəndə heyətinə də xarici işlər nazirinin müavini L.Darsaliya başçılıq edib.

Azərbaycan XİN-in bildirməsinə görə, görüşdə dövlət sərhəd xətti məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb. Habelə, tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar. Eləcə də, tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi, dəyərləndirilməsi haqqında razılığa gəliblər.

Razılaşmaya əsasən, komissiyanın növbəti iclasının Tbilisidə keçirilməsi nəzərdə tutulur, amma, hələlik, tarix açıqlanmayıb.

Xatırlatma

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu yaxınlarda bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanıb. Bundan sonra Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələləri ilə bağlı danışıqlar sürətlənib.

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələləri, əsasən, razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanından ora Azərbaycanın ərazisi olub.

Azərbaycan prezidentinin sərəncamı ilə 2007-ci ildə «Keşikçidağ» Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Qoruq Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr uzaqda yerləşir.