Rusiya orduya çağırış qaydalarını sərtləşdirir

Novosibirskdə hərbi xidmətə gedənlər

Rusiya Müdafiə Nazirliyi hərbi xidmətə çağırış zamanı tibbi baxışdan keçmək qaydalarını dəyişməyi təklif edir.

Dəyişiklik qəbul ediləcəyi halda hərbi çağırış komissiyalarının çağırışçıların, eləcə də xidmətlə bağlı möhlət götürənlərin ildə iki dəfə səhhətini yoxlamaq imkanı yaranacaq. Həmçinin, mülki həkimlərin rəyini şübhə altına almaq mümkün olacaq.

AzadlıqRadiosunun rus xidməti yazır ki, əvvəllər çağırışçıların səhhətini təkrar yoxlamaq praktiki baxımdan mümkün deyildi, belə bir mexanizm yox idi.

İkinci tibbi baxışın hərbi qulluğa göndərilməzdən öncə keçirilməsi təklif edilir. Bu zaman hərbi xidmətə yararlı olmayanların müalicəyə göndəriləcəyi bildirilir.

«Hərbi öhdəliklər və hərbi xidmət haqqında» Qanuna dəyişikliklər ictimaiyyətin müzakirəsinə verilib. Müzakirələr iyunun 4-də başa çatmalıdır.

«İzvestiya» yazır ki, Müdafiə Nazirliyi bu yolla arayış satan və alanların həyatının çətinləşdiriləcəyini düşünür.

Əsgər anaları komitələri ittifaqının məsul katibi Valentina Melnikova isə daha əvvəllər çağırış komissiyalarının və hərbi komendantlıqların işini şübhə altına almışdı.