Rusiyalı bloqqer hakimiyyəti təhqir etməkdə suçlanır

Vladimir Putin

Rusiyanın Smolensk şəhərində bir bloqqer Prezident Vladimir Putinə rişxənd edən foto paylaşdığına görə “hakimiyyətə hörmətsizlik”də suçlanır.

Sergei Komandirov fotonu sosial mediada yerləşdirməklə yeni qanun çərçivəsində Novqorod regionunda ilk məhkumluğa etirazını bildirib. Həmin regionda Yury Kartyzhev martın 31-də Putin-lə bağlı iki postunda görə 30 min rubl (470 dollar) cərimələnib. Sözügedən qalmaqallı qanun bundan ikicə gün öncə qüvvəyə minmişdi.

Komandirov Putin-in şəkli altına yerləşdirdiyi şərhdə yazıb ki, “Yoxlayın, sizi məhkum etməyəcəklər, hamını məhkum etməyə gücləri çatmaz. Gedin, fleş-mob edin”.

Yeni qanuna görə, hakimiyyətin, yaxud dövlət simvollarının təhqirinə görə 100 min rubl (1570 dollar) cərimə, yaxud 15 günədək administrativ həbs nəzərdə tutulur.

Qanunun təkrar pozulmasının cəriməsi 200 min rubldur (3 min 140 dollar).