Əfqanıstanın paytaxtı Kabildə son iki gündə ikinci partlayış törədilib. Şəhərin şərq hissəsindəki Yakatot deyilən ərazidə mayın 31-də törədilmiş partlayışda azı 7 nəfər öldürülüb və yaralanıb.
Bomba ABŞ hərbi karvanı ərazidən keçərkən partlayıb.
ABŞ ordusunun sözçüsü dörd hərbçinin yüngül xəsarət aldığını bildirib.
Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi “AFP”yə deyib ki, yoldan keçən dörd əfqan həlak olub, üçü yaralanıb.
Rəsmilər ölü və yaralıların dəqiq sayının bəlli olmadığını bildirib.
Talibanın sözçüsü Zabihullah Mujahid qruplaşmanın məsuliyyəti götürdüyünü deyib, 10 ABŞ hərbçisinin öldürüldüyünü deyib, buna dəlil göstərməyib.
Mayın 30-da hərbi akademiya yaxınlığında törədilmiş partlayışda isə 6 nəfər həlak olmuşdu. Həmin hücuma görə İslam Dövləti terror təşkilatı məsuliyyəti götürüb.