ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer mayın 30-da Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlərdən ötrü iftar süfrəsinə ev sahibliyi edib.
İftar süfrəsinə səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən uşaqların ailələri qatılıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfir Litzenberqer deyib ki, tolerantlıq ilboyu vacibdir: «Lakin Ramazan ayı ərzində bu və digər dəyərləri öz həyatımıza, uşaqlarımızın həyatlarına necə daxil edəcəyimiz barədə düşünmək xüsusi əhəmiyyət kəsb edir».
ABŞ-da Ramazan ayı Tunisin bu ölkədəki səfiri Sidi Soliman Mellimellinin şərəfinə prezident Tomas Ceffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır ki, qeyd olunur.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Həmin işğal edilən ərazilərin sakinləri hazırda paytaxt Bakı və ölkənin ayrı-ayrı bölgələrinə məskunlaşıblar.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.