İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.
Bu vəsatəti Azərbaycan astronomu, BAİ-nin üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi Əyyub Quliyev qaldırıb.
Bu barədə məlumatı bu gün, iyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının saytı yayıb.
«Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planeti 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları Klet rəsədxanasında aşkar ediblər və uzun müddət 1995 UN2 şərti ad daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub», - açıqlamada yazılıb.
Xatırlatma
Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda «Nəsimi ili» elan edib.
Azərbaycan tarixçilərinin iddiasına görə, İmadəddin Nəsimi (Seyid Əli Seyid Məhəmməd oğlu) 1369-cu ildə Şamaxıda (Azərbaycan paytaxtı Bakıdan 120 kilometr aralı) doğulub. 1417-ci ildə edam edildiyi vurğulanan şairin Hələbdə (Suriya) dəfn olunduğu bildirilir. Onun şeirləri dünyanın bir çox dillərində tərcümə edilib.