Çindəki təlim düşərgələri barədə xəbər verən şəxs Qazaxıstandan çıxıb

Sairagul Sauytbay

Vəkil Aiman Omarova AzadlıqRadiosu-nun qazax xidmətinə deyib ki, Sauytbay və ailə üzvləri iyunun 3-də Qazaxıstandan İsveçə yola düşüblər.

***

Çinin şimal-qərbində “yenidən təhsil düşərgələri”ni ifşa etmiş etnik qazax olan çinli Qazaxıstanda sığınacaq ala bilməyincə bu ölkəni tərk edib.

Sairagul Sauytbay-ın vəkili Aiman Omarova Facebook-da yazıb ki, müştərisi Qazaxıstandan iyunun 3-də çıxaraq “dünyanın ən inkişaf etmiş ölkələrindən birinə” yola düşüb.

Sauytbay Qazaxıstanda siyasi sığınacaq almağa çalışırdı. Almatı məhkəməsi avqustda onu sərhədi qanunsuz keçməkdə təqsirli bilib, ancaq buraxılması və Çinə deportasiya olunmaması barədə qərar çıxarıb.

Sauytbay Çindən ötən ilin aprelində qaçıb. O, məhkəməsində deyib ki, ölkənin şimal-qərbindəki Sincan vilayətində minlərlə qazax, uyğur və digər müsəlmanlar “yenidən təhsil düşərgələri”ndə “siyasi təlim” keçir.

BMT-nin insan haqları rəsmilərinin avqustda bildirməsinə görə, Çində “ekstremizmə qarşı mərkəzlər”də 1 milyonadək etnik uyğur saxlanır, milyonlarla adam isə təlim düşərgələrinə göndərilir.

BMT Sincan vilayətinin “nəhəng tərksilah düşərgəsinə çevrildiyini” bildirirdi.

Sauytbay ifadəsində deyirdi ki, Çin hakimiyyəti onu düşərgələrdəki təlimatçılara “siyasi ideologiya” təlimi keçməyə məcbur edib.

Onun sözlərinə görə, bununla da Sincan vilayətinin etnik icmalarından olan müsəlmanların “təlim”inə dair dövlət proqramı haqda gizli sənədlərə çıxış əldə edib.

Sincanın ən böyük yerli icması uyğurlardır.

Çin bütün bu deyilənləri təkzib edir.