Erdogan: Türkiyə S400 sazişindən əl çəkməyəcək

Recep Tayyip Erdogan

Prezident Recep Tayyip Erdogan deyir ki, üzvü olduğu NATO-dan Birləşmiş Ştatların təzyiqinə baxmayaraq, Türkiyə Rusiyadan S400 zenit raket kompleksi almaq sazişini təxirə salmayacaq.

“Rusiyayla razılaşma əldə etmişik. Fikrimiz qətidir. Bu məsələdə geri çəkilmək söhbəti yoxdur”, – rəsmi Anadolu agentliyi Erdogan-a istinadla yazır.

Ramazan bayramı namazından sonra jurnalistlərə danışan Erdogan əlavə edib ki, ABŞ-ın Türkiyəyə Patriot raketləri satmaq təklifi Rusiyanınkı kimi yaxşı deyil.

Ankaranın Moskvadan S400 sistemi almaq üzrə sazişi Türkiyəylə Birləşmiş Ştatlar arasında narazılıq mənbəyinə çevrilib, Vaşinqton sanksiyalarla hədələyib.

Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Kathryn Wheelbarger ötən həftə deyib ki, Ankara planlarını gerçəkləşdirərsə, bunun Türkiyənin birgə F-35 proqramı və NATO ilə əməkdaşlığı üçün “fəlakətli” nəticələri olar.

Wheelbarger-in sözlərinə görə, bu sistemlər Türkiyənin Qərb alyansı ilə işləmək qabiliyyətinə ziyan vurar, Vaşinqtonu Ankaraya sanksiya tətbiq etməyə vadar edər.

Türkiyə isə indiyədək təzyiqə dirəniş göstərib, alış planının “artıq bitmiş saziş” olduğunu deyib.