AB elçisi: 'İradə nümayiş olunarsa,..'.

T.Klaar

«Bakıya hazırkı səfərimin məqsədi Azərbaycan rəhbərliyi ilə görüşlər keçirmək, Qarabağ nizamlanmasının hazırki vəziyyəti, hakimiyyətin və vətəndaş cəmiyyətinin bu məsələ ilə bağlı mövqeyi ilə tanış olmaqdır».

Bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar «Turan» agentliyinə müsahibəsində bildirib.

«Bildiyiniz kimi, AB danışıqların iştirakçısı deyil, amma biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik, mənim rolum da bu səyləri dəstəkləməkdən ibarətdir», - T.Klaar vurğulayıb.

O daha sonra da bunları əlavə edib: «Prezident İlham Əliyev mənə hazırkı vəziyyəti necə qiymətləndirdiyi, hansı çağırışların, hansı imkanların olduğu barədə məlumat verib. Bu ayın sonlarında Yerevana səfər etməyi və müzakirələri Ermənistan rəhbərliyi ilə davam etdirməyi planlaşdırıram».

T.Klaar daha sonra vurğulayıb ki, AB və Azərbaycan arasında gələcək sazişin mühüm siyasi hissəsi var və Bakının sazişin iqtisadi aspektlərlə məhdudlaşdırılmasında israr etdiyi haqqında iddialar həqiqətəuyğun deyil. Onun sözlərinə görə, tərəflər sazişi imzalamağa çox yaxındırlar. Ticarət və digər aspektlərlə bağlı bir sıra razılaşdırılmamış məsələlər qaldığını deyən T. Klaar onların təfsilatını açıqlamayıb.

Agentliyin məlumatına görə, o, «sazişin imzalanmasının bu qədər uzanmasının səbəbi nədir» sualına isə birmənalı cavab verməyib, sənədin kifayət qədər mürəkkəb olduğunu, onun siyasi, iqtisadi və digər hissələrdən ibarət olduğunu qeyd edib. «İradə nümayiş olunarsa, bu sazişin imzalanmaması üçün səbəb görmürəm»,- o bildirib.

«AB Azərbaycanda ifadə və mətbuat azadlığının möhkəmlənməsinə necə kömək edə bilər» sualına isə T.Klaar belə cavab verib: «Bütün tərəfdaşlarımızla müzakirələr zamanı bu azadlıqların təmin edilməsi zərurətini qaldırırıq və Azərbaycan istisna deyil».

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi T.Klaar bir neçə gündür Azərbaycanda səfərdədir. O, iyunun 3-də prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Bu görüşlərdə Dağlıq Qarabağ və əməkdaşlıq məsələləri müzakirə edilib.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Xatırlatma

Azərbaycan AB ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.