Çexiyanın paytaxtı Praqanın mərkəzində on minlərlə adam nümayişə çıxaraq milyarder baş nazir Andrej Babis-in istefasını tələb edib. O, dələduzluqda və maraqlar toqquşmasında ittiham olunur.
Təşkilatçılar iyunun 4-də Vençeslas meydanına 120 minədək adamın yığışdığını deyirlər. Bu, 1989-cu ilin məxməri inqilabından bəri ən böyük nümayiş sayılır.
Prokurorlar 2018-ci ildə Babis-ə Avropa Birliyinin ayırdığı 2,24 milyon dollarlıq subsidiyadan düzgün istifadə etməmək ittihamı irəli sürüblər.
Həmin subsidiyanın ayrıldığı şirkət Babis-ə məxsus Agrofert konqlomeratının olub. Subsidiya konqlomerata sahiblik Babis-in ailə üzvlərinə ötürüləndən sonra ayrılıb.
Subsidiyalar orta və kiçik biznes üçün nəzərdə tutulub, Agrofert onu ala bilməzdi.
Babis hansısa yanlışa yol vermədiyini deyir, məsələni “siyasi proses” adlandırır.
Etirazlar Babis və Ədliyyə naziri Marie Benesova-ya qarşı keçirilir. Benesova-nın baş naziri təmizə çıxaracağı sarıdan narahatlıq var.
64 yaşlı Babis Çexiyanın ikinci zəngin adamı sayılır, Forbes dərgisinə görə, onun 3,7 milyard dolları var.