Dünyada ən ağır nüvə qəzası sayılan Çernobıl faciəsindən söz açan ABŞ televiziya miniserialı regiona turist axınını gücləndirib. “Reuters” agentliyi turistlərin sözügedən zavodu öz gözləriylə görməyə can atdığını yazır.
Çernobıldan bir turizm agentliyi seriallar yayımlanandan sifarişlərin 40 faiz artdığını bildirib. HBO-nun istehsal etdiyi serial mayda ekranlara çıxıb.
İngilisdilli turlar adətən adambaşına 100 dollara başa gəlir.
Apreldə Çernobıl faciəsinin 33-cü ildönümü qeyd olunub. Ozamankı sovet Ukraynasında yerləşən zavodda dördüncü reaktorda baş vermiş qəza nəticəsində Avropanın üzərini nüvə materialından ibarət bulud örtmüşdü.
Serialda partlayışdan sonra baş verənlər, irimiqyaslı təmizləmə əməliyyatı, dindirmələr yer alıb.
SoloEast turları şirkətinin direktoru Sergiy Ivanchuk agentliyə deyib ki, bu ilin mayında əraziyə gedən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çox olub. İyun, iyul və avqust ayları üçün sifarişlər 40 faizədək artıb.
Chernobyl Tour şirkətinin direktoru Yaroslav Yemelianenko da 30-40 faizlik artım gözlədiyini bildirib.
Putin mediasının “Çernobıl” savaşı
“The Moscow Times” qəzetində Ilya Shepelin isə Rusiyada hər bir media orqanının Çernobıl serialından söz açdığını yazır. HBO serialı yalnız ödəniş edən izləyicilərə göstərir. Ancaq serial artıq Rusiyada bir sensasiyaya çevrilib, kremlpərəst media ona hücuma başlayıb.
“Qəhrəmanlarımız barədə Rusiya deyil, Amerika telekanalının danışması kremlyönlü media üçün utanc mənbəyidir”, – müəllif yazır.
Rusiyanın ən populyar qəzeti sayılan “Komsomolskaya Pravda” (KP) belə bir iddia səsləndirib ki, Rusiyanın Rosatom dövlət atom mərkəzinin rəqibləri ölkənin nüvə dövləti imicinə zərbə vurmaqdan ötrü bu serialdan yararlanır.
Yaşlılar arasında populyar olan “Argumenty i Fakty” serialı “həqiqət deyil, karikatura” adlandırıb.
“Çatışmayan bircə ayılar və akkordionlardır!” – ölkənin aparıcı xəbər kanallarından olan Rossiya-24-ün aparıcısı Stanislav Natanzon deyib. O, təsviri çox böyütdükdə binada görünən müasir pəncərə çərçivələrini filmin qüsurları sırasında sadalayıb.
Aparıcı onu da deyib ki, HBO-nun serialında yanlış olaraq sovet hakimiyyətinin səhvlərini boynuna almağa qorxduğu, məhz bunun dəhşətli fəsadlara yol açdığı vurğulanır.
Ultra sovetpərəst köşə yazarı Anatoly Vasserman isə yazıb ki, “anqlo-saksonlar rusiyalılar barədə nəsə çəkirsə, bu yəqin ki həqiqətə uyğun olmayacaq”.
ABŞ Avropanı itirir
Təxminən iki ildir Birləşmiş Ştatlar və Avropa arasında ticarət, İran, müdafiə xərcləri, Rusiyanın qaz kəmərləri üzrə gərginlik yaşanır. İndi Çinlə bağlı məsələlər tərəfləri əslində, birləşdirməlidir. “The Atlantic” portalında Noan Barkin bunun belə olmadığını yazır.
Avropa Birliyi, Almaniya və Fransanın başçılığı ilə son bir ildə Çinə qarşı mövqeyi sərtləşdirib, Çinin Avropa ölkələrinə investisiyaları üzrə yeni qaydalar tətbiq edib, Çini “strateji rəqib” elan edib. Bu, ABŞ Prezidenti Donald Trump-ın seçdiyi daha sərt siyasəti əks etdirir. Trump Çin mallarına tarifləri yüksəldib, Huawei telekommunikasiya şirkətini və filiallarını qara siyahıya salıb.
“Ancaq Atlantik okeanının hər iki tərəfində söhbətləşdiyim onlarla rəsminin fikrincə, bir araya gəlmək əvəzində, Avropa və Birləşmiş Ştatların Çin məsələsində mövqeyi ilkin mərhələdə ziyanlı şəkildə haçalanacaq”, – müəllif yazır.
Müəllif ABŞ-ın bəzi məmurları arasında panika yaşandığını yazır – onlar Çinin Kəmər və Yol təşəbbüsü vasitəsilə nüfuzunu yaydığını, Amerikanın Huawei şirkətinə alternativinin olmadığını, Ümumdünya Ticarət Təşkilatının Çinin ədalətsiz ticarət praktikası ilə mübarizə apara bilmədiyini deyirlər.
Brüsseldə isə aparıcı rəsmilər Trump administrasiyasının Çin siyasətini Breksitlə – Britaniyanın Avropa Birliyindən çıxmaq istəyilə müqayisə edirlər. Onların fikrincə, hər iki proses zəifləməkdə olan böyük dövlətin tarixin kursunu dəyişə, şöhrətli keçmişinə qayıda bilməsi kimi aldadıcı ideyaya söykənir.