Jurnalistin apellyasiya şikayəti təmin olunmadı

A.Məmmədov

Bakı Apellyasiya Məhkəməsi iyunun 4-də criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb.

Müdafiə tərəfi apellyasiya instansiyasının qərarı ilə razı deyil və Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti verməyi nəzərdə tutur. Bunu AzadlıqRadiosuna A.Məmmədov bildirib.

Jurnalist bu ilin martında dövlət əleyhinə çağırışlar, səlahiyyət həddini aşma və vəzifə saxtakarlığı ittihamları ilə 2 il sınaq müddəti olmaqla 5 il yarım azadlıqdan şərti olaraq məhrum edilib.

Cinayət məsuliyyətinə cəlb edilmək üçün əsas kimi criminal.az saytında Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı gedən yazı göstərilib.

A.Məmmədov barəsində məhkəmə hökmünü bir sıra beynəlxalq qurumlar, habelə ATƏT-in KİV azadlığı üzrə təmsilçisi Arlem Dezir pisləyib.

A.Məmmədovun apellyasiya şikayətinə baxış ərəfəsində Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) də Azərbaycan hakimiyyətini jurnalistin üzərindən ittihamları götürməyə, sərbəst çalışmasına şərait yaratmağa çağırıb.