Rusiya Sudana “istənilən xarici müdaxilə”yə qarşıdır

Sudanda etirazçılar

Sudanda etirazçılar

Rusiyanın aparıcı diplomatı deyir ki, Moskva Sudana “istənilən xarici müdaxilə”yə qarşı çıxır. Bu həftə ordunun etirazçılara divan tutması nəticəsində 100-dən çox etirazçı həlak olub.

Xarici işlər nazirinin müavini Mikhail Bogdanov iyunun 6-da deyib ki, Afrikanın bu ölkəsində böhranı həll etməkdən ötrü dialoq və kompromis lazımdır.

“Təbii ki, bunu etməkdən ötrü asayiş bərqərar olunmalıdır, durumun sabitləşməsini istəməyən ekstremistlərə və provokatorlara qarşı savaşmalısan”, – Rusiyanın RIA xəbər agentliyi Bogdanov-a istinadla yazıb.

Ancaq o, hansı qüvvələri ekstremistlər və provokatorlar hesab ediyini açıqlamayıb.

“Biz hər hansı xarici müdaxiləyə, sudanlıların nəyəsə məcbur edilməsinə qarşıyıq”, – o, sözlərinə əlavə edib.

Nazir müavininin deməsinə görə, rusiyalı diplomatlar bu ölkədə müxalifət daxil olmaqla bütün siyasi qüvvələrlə əlaqə saxlayırlar.

İyunun 3-də Sudanda əsgərlər və yarımhərbi qüvvələr demokratiyaya keçid tələb edən etirazçılara divan tutub. Tibbi mənbələr azı 108 nəfərin öldürüldüyünü deyirlər.

Hücumdan öncə hakim Keçid Hərbi Şurası ilə demokratiya fəalları ölkənin gələcəyinə dair bir neçə həftə danışıqlar aparıblar. Apreldə Prezident Omar al-Bashir devriləndən sonra Sudanda zorakılıq səngimək bilmir.

Şura iki ildən çox çəkməyəcək keçid dövründən sonra mülki idarəçilik quracağını vəd edir. Müxalifət liderləri isə bu müddətin çox uzun olduğunu deyir, mülki idarəçiliyi tez bərpa etməyə çağırır.