Maduro-nu devirməyə kömək istəyirlər

Venesuelada yanacaqdoldurma məntəqəsi

Amerika ölkələrinin regional bloku beynəlxalq ictimaiyyəti Venesuelanın Rusiya daxil müttəfiqlərinə təzyiqi artırmağa, Cənubi Amerikanın bu ölkəsində artan böhranı həll etməyə, “qanunsuz” hökuməti devirməyə kömək istəyib. Lima Qrupu iyunun 6-da bəyanat verib.

Qrup “Nicolas Maduro-nun qanunsuz rejimini hələ də dəstəkləyən ölkələrlə, özəlliklə Rusiya, Çin, Kuba və Türkiyəylə münasibətləri dərinləşdirməyin vacibliyini” vurğulayır, onları regiona getdikcə daha çox təsir göstərən böhranın həllində iştiraka çağırıb.

Lima Qrupu 2017-ci ildə yaradılıb, məqsədi Maduronun idarəçiliyi dövründə Venesuelada yaranmış böhranı həll etməkdir.

Bəyanatı Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru imzalayıb.

Qrup Venesuelanın Milli Assamıbeyasına qarşı “sistematik hücumlar”ı pisləyir. Assambleyanın bir neçə üzvünə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

Müxalifət lideri Juan Guaido yanvarda özünü aralıq dövr prezidenti elan edib. Birləşmiş Ştatlar daxil 50-dək ölkə onu tanıyıb və Maduro hökumətinin devrilməsini istəyir.