Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Türkiyənin milli müdafiə naziri H.Akar Naxçıvanda

İyunun 10-da Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə milli müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda yazılıb ki, tərəflər Naxçıvanda keçirilən «Sarsılmaz qardaşlıq-2019» Azərbaycan-Türkiyə birgə təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar. «Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb»,-nazirlik bildirir.

Onlar «Sarsılmaz qardaşlıq-2019» birgə taktiki təlimini izləməkdən ötrü iyunun 10-da Naxçıvana gəliblər.

Türkiyə müdafiə naziri Naxçıvana gəlib

İyunun 10-da Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti də Naxçıvan şəhərinə gəlib. Onun da «Sarsılmaz qardaşlıq-2019» birgə təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə səfər etdiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Müdafiə naziri Naxçıvana gedib

Müdafiə naziri Zakir Həsənov Naxçıvan şəhərinə gedib.

Bu barədə bu gün, iyunun 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda nazirin «Sarsılmaz qardaşlıq-2019» birgə taktiki təlimi izləyəcəyi bildirilir.

İyunun 7-də Naxçıvanda «Sarsılmaz qardaşlıq-2019» Azərbaycan-Türkiyə taktiki təlimi başlayıb.

Təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikasının güc strukturlarının və Türkiyə Silahlı Qüvvələrinin bölmələri «Həyəcan» siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika cəlb edilib. Bundan başqa, təlimə 180-ə yaxın müxtəlif çaplı raket, artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan, 21 ədəd təyyarə, helikopter və pilotsuz uçuş aparatının da daxil edildiyi qeyd olunur.

Təlimin məqsədi peşəkarlıq səviyyəsinin artırılması, birgə tapşırıqların icrası vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Təlimlər iyunun 11-də başa çatmalıdır.