Livanlı ABŞ rezidenti İrandan Beyruta yola düşüb

Nizar Zakka, 2015-ci il

İranda ABŞ üçün casusluq ittihamıyla məhkum edilmiş livanlı buraxılıb və Livanın təhlükəsizlik xidmətinin rəhbəri ilə Beyruta yola düşüb.

Qərbin xəbər agentlikləri adını çəkmədiyi Livan rəsmisinə istinadla yazıb ki, Nizar Zakka General Ibrahim Abbas ilə təyyarədədir.

***

Casusluqda təqsirli bilinmiş livanlı təhvil veriləcək

İran bir neçə illik həbsə məhkum edilmiş livanlını ölkəsinə təhvil verməyə razılaşıb. Bunu İran ədliyyəsinin sözçüsü deyib.

“Məhkəmə Nizar Zakka-nı şərti azadlığa buraxmağa razılaşıb və o, Livana təhvil veriləcək”, – ədliyyənin Mizan xəbər agentliyi iyunun 11-də Gholamhossein Esmaili-yə istinadla yazıb.

Sözçü Zakka-nın hansı şərtlərlə azad olunacağına aydınlıq gətirməyib.

İran mediası iyunun 10-da yazıb ki, Zakka yalnız İranın dəstəklədiyi Hizballah lideri Hassan Nasrallah-a “sayqı və ləyaqət” səbəbindən azad olunacaq.

Zakka Birləşmiş Ştatlar üçün casusluq ittihamıyla 10 illik həbsə məhkum edilib. O, Vaşinqton, D.C. rezidenti, Birləşmiş Ştatların Qrin Kart sahibi olub.

52 yaşlı Zakka ərəb IT təşkilatının rəhbəri idi, Yaxın Şərqdə internetin inkişafını təbliğ edirdi.

O, 2015-ci ildə Tehranda, hökumətin təşkil etdiyi konfransda iştirakdan sonra saxlanıb.

Məhkəmə Zakka-nı casusluqda təqsirli bilərək 10 illik həbsə məhkum edib, üstəlik, 4,2 milyon dollarlıq cərimə ödətdirib.

Özü ittihamları rədd edir.