Honq Konqda etirazlar davam edir

Honq Konq, 12 iyun

Honq Konq, 12 iyun

Honq Konqda minlərlə gənc hökumət binasını mühasirəyə alaraq cinayətlərdə suçlananlanların Çinə verilməsinə yol açan qanun layihəsinə etiraz edirlər.

İyunun 12-də telekanallar Honq Konqdan xaotik səhnələr yayınlayıb.

Yüzlərlə polis əməkdaşı etirazçıların qarşısına çıxaraq onlara dayanmaq xəbərdarlığı edib.

Bu səhnələr 2014-cü ilin sonlarında şəhəri silkələmiş demokratiya tələbli etirazları yada salıb.

Ötən həftəsonu Honq Konqdakı kütləvi etirazlara, təşkilatçıların deməsinə görə, 1 milyondan çox adam çıxıb.

1997-ci ildə Britaniya idarəçiliyindən çıxarılan Honq Konqa 50 il ərzində özünün sosial, hüquqi və siyasi sistemini saxlamaq hüququ verilib.

Ancaq Çinin Kommunist Partiyası bu razılaşmadan kənara çıxır, özünün hüququ dəyişikliklərini tətbiq etməyə çalışır.

Ekstradisiya üzrə qanun layihəsi iyunun 12-də ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Honq Konqun 70 yerlik Qanunverici Şurasında çoxluq Pekin-yönümlü qüvvələrə məxsusdur.

Qanun layihəsi üzrə sonuncu səsvermə iyunun 20-nə planlaşdırılır.