Britaniya Assange-nın ekstradisiyası üzrə sənədi imzalayıb

Julian Assange

Britaniyanın Daxili işlər naziri Sajid Javid BBC-yə deyib ki, WikiLeaks saytının qurucusu Julian Assange-nın Birləşmiş Ştatlara ekstradisiyası üzrə sənədi imzalayıb.

Javid ekstradisiya üzrə yekun qərarın iyunun 14-də Britaniya məhkəməsi tərəfindən veriləcəyini deyib.

Assange barəsində Birləşmiş Ştatlarda 18 maddəlik ittihamnamə mövcuddur. O, məxfi informasiyanın əldə olunaraq yayılmasında ittiham olunur. Ədliyyə Departamentinin mayda yaydığı ittihamnamədə Casusluq Aktı çərçivəsində ittihamlar irəli sürülüb.

47 yaşlı Assange aprelin 11-də Ekvadorun Londondakı səfirliyindən çıxarılıb. O, 2012-ci ildən səfirliyə sığınmışdı, Ekvador ona siyasi sığınacaq vermişdi.

Britaniya məhkəməsi ona zaminlik qaydalarına pozduğuna görə 50 həftəlik cəza kəsib.

İsveçdə isə Assange-a zorlama ittihamı üzrə cinayət işi bərpa olunub. Assange iddiaları rədd edir.