BMT Qazaxıstanı tənqid edir

Almatının mərkəzi, 12 iyun, 2019-cu il

BMT-nin İnsan Haqları Ofisi Qazaxıstan hakimiyyətini “dinc toplaşma, ifadə azadlıqları və siyasi iştiraklılıq hüququna sayqı göstərməyə” çağırıb. Bu ölkədə iyunun 9-da keçirilmiş prezident seçkisi günü və sonradan yüzlərlə etirazçı saxlanıb.

“Qazaxıstanın 9 iyun seçkisi günü və sonra dinc etirazçılar, fəallar və jurnalistlərə qarşı hərəkətləri son dərəcə təəssüf doğurur”, – BMT-nin Orta Asiya üzrə İnsan Haqları Ofisinin rəhbəri Ryszard Komenda deyib.

Paytaxt Nur-Sultan, Almatı və digər şəhərlərdə nümayişə çıxanlar prezident seçkisinin rəsmi nəticələrinə etiraz edirdilər. Seçkidə keçmiş avtoritar prezident Nursultan Nazarbaev-in varis seçdiyi Qasym-Zhomart Toqaev-in qalib gəldiyi elan olunub.

Baş prokurorun təmsilçisi Saparbek Nurpeisov iyunun 13-də jurnalistlərə deyib ki, etirazçıların yürüşləri “qanunsuz” olub, çünki onlara rəsmi icazə verilməyib.

Nurpeisov saxlanan 957 nəfərin “cəzalandırıldığını” bildirib – 670 nəfər 6-15 günlük həbsə məhkum edilib, 115 nəfər cərimələnib, 172 nəfərə “qanunsuz” aksiyalarda iştirakla bağlı xəbərdarlıq olunub.