Khamenei: Tehran daha ABŞ-la danışıq aparmayacaq

Ali Khamenei Shinzo Abe ilə görüşür

İranın Ali dini lideri Ayətulla Ali Khamenei Yaponiyanın Baş naziri Shinzo Abe-yə deyib ki, İran Birləşmiş Ştatlarla danışıq aparmağın “acı təcrübəsi”ni bir daha təkrarlamayacaq.

Khamenei Abe ilə iyunun 13-də Tehranda görüşüb. İranın dövlət mediasının yazmasına görə, ali dini lider deyib ki, ABŞ Prezidenti Donald Trump-ı “hər hansı ismarıc mübadiləsinə layiq hesab etmir və nə indi, nə də gələcəkdə onun üçün bir cavabı var”.

Khamenei-nin sözlərinə görə, Trump-ın İranda rejim dəyişikliyi istəməməsi barədə dediyi “yalan”dır. O, Vaşinqtonun Tehranla səmimi danışıq aparmaq təklifinə inanmadığını sözlərinə əlavə edib.

Son həftələr Tehranla Vaşinqtonun münasibətləri daha da gərginləşib. Bir il öncə Trump İranla 2015-ci il nüvə sazişindən çıxıb, iqtisadi sanksiyaları bərpa edib.

İyunun 13-də Körfəzdə neft tankerlərinə yenə hücumların olunduğu bildirilib.

Birləşmiş Ştatlar son həftələr regiona əlavə qüvvələr göndərib, İranı buradakı gəmilərə təhdid yaratmaqda ittiham edib. İran isə daha öncəki oxşar hücumların arxasında durmadığını deyir.