Qolan yüksəkliyində məntəqəyə Trump-ın adı verildi

Benjamin Netanyahu (sağdan ikinci)və ABŞ-ın İsraildəki səfiri David Friedman (solda) mərasimdə

İsrail mübahisəli Qolan yüksəkliyində bir məntəqəyə ABŞ Prezidenti Donald Trump-ın adını verib. Bununla da Trump-ın bu regionu İsrail ərazisi kimi tanımasına görə təşəkkür etmiş olub.

İsrailin Baş naziri Benjamin Netanyahu iyunun 16-da hökumətin iclasında 10 nəfərin yaşadığı Bruçim məntəqəsində hökumətin iclasını keçirib.

Netanyahu “Ramat Trump”, yəni “Trump Yüksəkliyi” yazılmış lövhəni açıb. O, Trump-ı İsrailin “böyük dostu” adlandırıb.

Trump bu mərasimdən fotoları Twitter sosial şəbəkəsində yerləşdirib, “İsrail Dövlətinə bu böyük şərəfə” görə təşəkkür edib.

İsrail 1967-ci il müharibəsi zamanı Suriya ərazisi olan Qolan Yüksəkliyini ələ keçirib, 1981-ci ildə ilhaq edib, ancaq beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.