ABŞ İranı ‘nüvə şantajında’ ittiham edir

Prezident Hassan Rohani Buşəhr nüvə stansiyasına baş çəkir (Foto 2015-ci ildə çəkilib)

Birləşmiş Ştatlar bəyan edib ki, İranın zənginləşdirlmiş uran ehtiyatlarını 2015-ci il nüvə sazişinin qoyduğu limitdən yuxarı artırmaq planı “nüvə şantajı” anlamına gəlir və bu “güclü beynəlxalq təzyiqlə” qarşılanmalıdır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Garrett Marquis bu bəyanatı iyunun 17-də İran nüvə sazişinə əməl etməyəcəyi barədə təhdidlərinin icrasına başlayandan sonra verib.

***

İran nüvə sazişi öhdəliklərini daraldır

İran nüvə sazişi çərçivəsində nəzərdə tutulmuş uran ehtiyatı limitini növbəti 10 gün ərzində aşacaq. Bunu İranın atom enerjisi agentliyinin sözçüsü deyir.

İyunun 17-də İranın dövlət televiziyası ilə canlı yayımlanan mətbuat konfransında çıxış edən Behrouz Kamalvandi deyib ki, Tehran “ölkənin ehtiyaclarına uyğun olaraq” uranın zənginləşdirmə səviyyəsini artıracaq.

***

İranın nüvə enerjisi obyektlərinə nəzarət edən qurumu iyunun 17-də 2015-ci il nüvə sazişi öhdəliklərinin icrasını bir az da gödəltdiyini elan edəcək. Məlumatı İranın nüvə agentlikləri yayıb.

Yarırəsmi Tsnim agentliyinin yazmasına görə, İranın Atom Enerjisi Təşkilatı zənginləşdirilmiş uran ehtiyatlarını və Arak nüvə sahəsində ağırlaşdırılmış su istehsalını artırmağa hazırlaşdığını elan edəcək.

İran Prezidenti Hassan Rohani iyunun 15-də elan edib ki, sazişi imzalamış digər ölkələr sənədlə bağlı “müsbət” siqnallar verməyincə, ölkəsi öhdəliklərinin ixtisarını davam etdirəcək.

Hassan Rohani

O, İranın hansı öhdəliklərin icrasını məhdudlaşdıracağını, yaxud Tehranın görmək istədiyi müsbət əlamətlərin nədən ibarət olduğunu açıqlamayıb.

Mayda İran bəzi öhdəliklərinin icrasını dayandırıb. Bir il öncə isə ABŞ Prezidenti Donald Trump Birləşmiş Ştatların sazişdən çıxdığını, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Vaşinqton sazişi imzalamış digər ölkələrin sanksiyalara qoşulmasından ötrü təzyiq göstərib.

“Aydındır ki, İran bu razılaşmaya birtərəfli şəkildə əməl edə bilməz”, – Rohani iyunun 15-də Düşənbədə Asiya liderlərinin sammitində söyləyib.

O, Tehranın saziş çərçivəsində bəzi öhdəliklərə “sadiq qaldığını” vurğulayıb. Ancaq əlavə edib ki, əlavə öhdəliklərin miqyasını azaltmaq qərarı Birləşmiş Ştatlarla “qarşıdurma”, Trump-ın “sazişdən çıxması” səbəbindən verilib. O, “qanunsuz, əsaslandırılmamış sanksiyaları digər tərəflərin də dəstəklədiyini” sözlərinə əlavə edib.