Rusiyanın Şimali Qafqazdakı Dağıstan regionunun rəhbəri Vladimir Vasilyev pnevmoniya diaqnozuyla xəstəxanaya yerləşdirilib.
Regional hökumətin mətbuat xidməti iyunun 17-də bildirib ki, Baş nazir Artyom Zdunov region rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.
Son illər Dağıstanda kriminal qruplaşmalar, biznes müharibələri, siyasi rəqabət, silahlı islamın yayılması nəticəsində zorakılıq güclənib.
1991-ci ildə Sovet İttifaqı dağılandan sonra ilk dəfə olaraq Prezident Vladimir Putin Dağıstan rəhbərliyinə kənardan Vasilyev və Zdunovu təyin edib. O zaman bir çoxları bu addımı Moskvanın regionda korrupsiyayla mübarizə aparmaq cəhdi kimi dəyərləndirmişdi.
69 yaşlı Vasilyev 2017-ci ildə vəzifəyə təyin olunmamışdan öncə polis general leytenantı, daxili işlər nazirinin keçmiş müavini kimi çalışıb.
41 yaşlı Zdunov isə Tatarıstanda iqtisadiyyat naziri işləyib. O, vəzifəyə 2018-ci ilin fevralında təyin olunub. O zaman bir sıra hökumət rəsmiləri sosial proqramlar üçün nəzərdə tutulmuş büdcə pulunu mənimsəməkdə ittiham olunaraq saxlanıblar.