Azərbaycan müdafiə naziri Zakir Həsənov tank mərmisinin təlim zamanı Gəncədə evə düşməsindən danışıb.
«Trend» agentliyinin məlumatına görə, müdafiə naziri Z.Həsənov bu gün, iyunun 18-də bununla bağlı jurnalistlərə açıqlama verib.
Agentliyin xəbərində qeyd edildiyinə görə, nazir vurğulayıb ki, hadisə poliqonların birində baş verib.
«...Sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və uçaraq evə düşüb. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi», - nazir bildirib.
Xatırlatma
Hadisə barədə dünən, iyunun 17-də «Turan» agentliyi də məlumat yaymışdı. Həmin məlumatda hadisənin 6 gün öncə, iyunun 12-də baş verdiyi qeyd olunurdu.
Məlumatda mərminin damı və tavanı dələrək fərdi evlərdən birinə düşdüyü bildirilirdi. Gəncədəki mənbələrdən agentliyə verilən məlumata görə də, evdə olanlardan xəsarət alan olmayıb, Hərbi Prokurorluq istintaq aparır.
«Turan» agentliyi hadisə ilə bağlı şərh almaqdan ötrü Müdafiə Nazirliyinin mətbuat xidmətinə də müraciət etmişdi. Mətbuat xidməti sualı yazılı şəkildə göndərməyi xahiş edib, amma sonra hər hansı cavab verməyib.