Xırdalan şəhərində bəzi ərazidə elektrikin verilməsinin dayandırıldığı bildirilir.
Bu barədə «28 saylı məhəllə» deyilən ərazinin sakinləri danışıblar. Onların sözlərinə görə, elektrik verilməsinin dayandırılması hər hansı qəza ilə bağlı deyil: «Hər həftənin bir günü işıqlar söndürülür və axşama kimi verilmir. Səbəbini də soruşduqda bizə deyirlər ki, idarə təftiş aparır, amma bu təftişin mahiyyəti nədirsə, onu bilmirik».
Narazılıq edən sakinlər vurğulayıblar ki, indi isti yay günlərində elektrikin belə qəfil kəsilməsi bir sıra ərzağın sıradan çıxmasına səbəb olur: «Ən maraqlısı budur ki, bu, məhz bizim məhəllədə baş verir, digər məhəllələrdə belə hal olmur».
«Azərişıq» Açıq Səhmdar Cəmiyyətindən bəzi ərazidə elektrik enerjisi verilməsinin dayandırılmasına aydınlıq gətiriblər: «Masazır qəsəbəsindəki «Əlağa Vahid» yarımstansiyasında yenidənqurma işləri gedir. Elektrik enerjisinin kəsilməsi həmin yenidənqurma işləri ilə bağlıdır. Saat 14-dən sonra məhəlləyə elektrik enerjisi verilməsi bərpa olunacaq».