E.Məmmədyarov həmsədrlərlə görüşüb

XİN rəhbərləri ilə həmsədrlərin görüşü. 26 sentyabr 2018

Amerika Birləşmiş Ştatlarında (ABŞ) işgüzar səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 19-da Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, E.Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşüb.

Bu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşündən öncə gerçəkləşib. Bu gün, iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə gerçəkləşəcək görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməlidir.

Bu görüşlərdə iştirak etmək məqsədilə E.Məmmədyarov ABŞ-a işgüzar səfər edib.

Bundan öncə isə Azərbaycan xarici işlər naziri E.Məmmədyarov iyunun 19-da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və bu ölkənin bir sıra başqa rəsmiləri ilə görüşmüşdü. Məlumata görə, həmin görüşlərdə də Dağlıq Qarabağ və bir sıra başqa məsələlər nəzərdən keçirilmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.