71 miqrantın ölümünə görə ömürlük həbs olundular

Məhkəmədə hökm oxunur

Bir əfqan insan alverçisi və onunla əlbir olmuş üç bolqarıstanlıya 71 miqrantın ölümünə görə ömürlük həbs cəzası kəsilib. Miqrantlar 2015-ci ildə Avstriyada bir kənd yaxınlığında bağlı soyuducu maşında boğulub ölmüşdülər.

Macarıstan məhkəməsi qərarı iyunun 20-də çıxarıb. Əfqan dəstə başçısı, 32 yaşlı Samsoor Lahoo və onunla əlbir olanlar mütəşəkkil insan alveri və qətldə təqsirli biliniblər.

Məhkəmənin qərarında deyilir ki, həmin şəxslər maşının qapılarını açıb içəri hava buraxmayıblar, içəridə boğulanlar isə onlara yalvarırmışlar.

İnsan alverçilərindən üçünün şərti azadlığa buraxılma ehtimalı yoxdur. Hakim dördüncü şəxsin azı 30 il həbs cəzası çəkməli olduğunu deyib.

Üç bolqarıstanlı Lahoo-nun köməkçisi, yük maşınının sürücüsü və onu müşayiət edən avtomobilin sürücüsü olub.

Miqrantlar isə Əfqanıstan, İran, İraq və Suriyadan idilər. Onların 8-i qadın, 4-ü uşaq, 59-u kişi idi.