Trump İrana zərbəni son anda təxirə saldığını deyib

Ayətulla Ali Khamenei ABŞ dronunu vurduğu bildirilən "3 Khordad" sisteminin yanında

ABŞ prezidenti Donald Trump iyunun 20-dən 21-nə keçən gecə İrana zərbə endirilməsi haqda əmri son anda təxirə salmasını təsdiqləyib.

“New York Times” qəzeti qaynaqlarına istinad edərək xəbər vermişdi ki, prezident İranın ABŞ-ın kəşfiyyat təyyarəsini vurmasına cavab olaraq bu ölkənin bəzi hərbi obyektlərinə zərbə endirilməsi haqda əmr verməyə hazır olub, ancaq son anda fikrindən daşınıb.

“Zərbə endirilməsinə 10 dəqiqə qalmış mən onu dayandırdım. Zərər pilotsuz təyyarənin itkisi ilə proporsional olmazdı”, - Trump Twitter-də yazıb.

Prezidentin sözlərinə görə zərbə İran ərazisində üç obyektə endirilməli imiş.

O yazır ki, mümkün itkilər haqda sualın cavabında generallar 150 nəfərin öləcəcəyi haqda xəbərdarlıq ediblər.

“Mən tələsmirəm”, - Trump Twitter-də yazır və ABŞ-ın İran əleyhinə sanksiyaları sərtləşdirəcəyini, onun nüvə silahı sahibi olmasına imkan verməyəcəyini qeyd edib.

***

NYT: ABŞ İranı vuracaqmış, əməliyyat ‘qəfil’ dayandırılıb

İran iyunun 20-də vurduğu ABŞ kəşfiyyat dronunun ölkənin hava məkanını pozmasına “mübahisəsiz” dəlil olduğunu deyir.

İranın Xarici İşlər Nazirliyi bəyanatı iyunun 21-də verib. Bundan bir neçə saat öncə ABŞ mediası yazıb ki, Prezident Donald Trump İrana raket zərbələri endirməyə razılıq verib, sonra əməliyyat dayandırılıb.

“Reuters” isə İran rəsmilərinə istinadla yazır ki, ötən gecə Oman vasitəsilə Trump-dan mesaj alıblar, İrana dərhal hücum olunacağı xəbərdarlığı verilib və danışıqlara çağrılıblar.

İran rəsmiləri agentliyə deyiblər ki, ölkənin Ali dini lideri Ayətulla Ali Khamenei Birləşmiş Ştatlarla “hər hansı danışıq” aparmağa qarşıdır, ancaq gözlənən hücum barədə mesaj ona çatdırılacaq.

ABŞ Müdafiə Departamentinin yaydığı xəritə

İranın Xarici İşlər Nazirliyi iyunun 21-də bildirib ki, “vurulmuş dronun bəzi hissələri İranın ərazi sularından yığılıb”.

“Ümid edirik, düşmənlərimiz daha belə səhvlər etməyəcəklər. BMT-ni məlumatlandırmışıq, Birləşmiş Ştatlar tərəfindən bu aydın və təhrikedici pozuntuya etiraz iddiası təqdim etmişik”, – nazirliyin sözçüsü Abbas Musavi IRIB dövlət televiziyasına deyib.

***

ABŞ Prezidenti Donald Trump ölkəsinin kəşfiyyat dronunun vurulmasına cavab olaraq İrana hərbi zərbələri təsdiqləyib, ancaq iyunun 20-də gecə missiya “qəfil” ertələnib. Bunu “The New York Times” qəzeti yazıb.

Qəzetin yazmasına görə, axşam saat 7 radələrində, Ağ evdə “gərgin müzakirələr”dən sonra hərbi və diplomatik rəsmilər zərbənin endirilməsini gözləyirmişlər.

Trump-ın aparıcı milli təhlükəsizlik rəsmilərinin və konqres liderlərinin müzakirələrə qatıldığı bildirilir. Rəsmilərin deməsinə görə, Trump ilkin olaraq İranın radar və raket komplektləri olmaqla bir neçə hədəfini vurmaq göstərişi verib.

Məlumatda deyilir ki, hərbi heyətə və dinc sakinlərə riski azaltmaqdan ötrü zərbə iyunun 21-də sübh çağı endirilməliydi.

Donald Trump

Əməliyyat ilkin mərhələdə dayandırılıb

Administrasiyanın aparıcı rəsmisi deyib ki, əməliyyat elə ilkin mərhələdə ikən ertələnib.

Rəsminin qəzetə bildirməsinə görə, təyyarələr havaya qalxıb, gəmilər mövqe tutub, ancaq missiyanı dayandırmaq tapşırığı gələndə heç bir raket atılmayıbmış.

Qəzet qeyd edir ki, Trump-ın “sadəcə zərbələrlə bağlı fikrini dəyişdiyi, yaxud administrasiyanın logistika və strategiyadan dolayı kursu dəyişdiyi” bəlli deyil.

***Buna da bax: Trump İranın ABŞ dronunu ‘qəsdən’ vurduğuna inanmadığını deyib

Ağ ev və Pentaqon rəsmiləri məlumatı şərh etməyiblər. Ancaq administrasiya rəsmilərindən heç biri qəzetdən məqaləni yaymamağı xahiş etməyib.

İran İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) bundan öncə ABŞ-ın “casus” dronunu vurduğunu bildirib. Dronun cənubdakı Hormozqan vilayəti üzərində uçduğu, bu uçuşun “bizim qırmızı xətti” açıq-aşkar keçdiyi vurğulanıb.

İranın Xarici İşlər Nazirliyi insidenti ölkənin hava məkanına “provokativ” müdaxilə adlandırıb.

ABŞ ordusu isə 160 milyon dəyəri olan dronun vurularkən Hörmüz Boğazı üzərində uçduğunu bildirib.