Titiyev təcridxanadan buraxılıb

Oyub Titiyev

Rusiyanın Çeçenistan regionunun hakimiyyəti insan haqları fəalı Oyub Titiyev-i cəzaçəkmə müəssisəsindən azad edib. 11 gün öncə məhkəmə onun şərti azadlığa buraxılması haqda qərar çıxarmışdı.

Titiyev iyunun 21-də Arqun şəhərindəki koloniyadan çıxıb. Onu qohumları, dostları, həmkarları, tərəfdarları və jurnalistlər qarşılayıb.

Şali Şəhər Məhkəməsi Titiyev-in vaxtından qabaq azadlığa buraxılması haqda qərarı iyunun 10-da vermişdi.

61 yaşlı Titiyev Memorial insan haqları qrupunun Çeçenistan ofisinin rəhbəridir. O, 2018-ci ilin yanvarında saxlanıb, polis onun maşınında marixuana tapıldığını bildirib.

Titiyev və Memorial isə narkotikin maşına atıldığını, məqsədin qrupu susdurmaq olduğunu deyib.

Titiyev qanunsuz narkotik saxlamaq ittihamıyla dörd il həbs cəzasına məhkum edilmişdi.

Vəkilləri, tərəfdarları ittihamları siyasi motivli hesab edirdilər.