Yəmənin husi üsyançıları Səudiyyə Ərəbistanında mülki aeroporta hücum ediblər, bir nəfər öldürülüb, 21 nəfər yaralanıb. Məlumatı üsyançılarla savaşan Səudiyyə koalisiyası yayıb.
Husilərin sözçüsü iyunun 23-də səhər demişdi ki, İranın dəstəklədiyi üsyançılar krallığın cənubundakı Abha və Cizan aeroportlarına dron hücumları endiriblər.
Koalisiya Cizana hücumu təsdiqləməyib, ancaq Yəmənlə sərhəd yaxınlığındakı Abha aeroportuna hücumda Səudiyyənin bir suriyalı sakininin öldürüldüyünü, 21 dinc sakinin yaralandığını bildirib.
Hücumun hansı növ silahla gerçəkləşdiyi açıqlanmayıb. Bu arada İranla Birləşmiş Ştatlar və onun Fars körfəzindəki müttəfiqləri arasında gərginlik artmaqdadır.
Bu ayın əvvəlində husilərin Abha aeroportuna raket zərbəsində 26 nəfər yaralanmışdı.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin dəstəklədiyi Yəmən hökuməti 2015-ci ildən husi yaraqlıları ilə mübarizə aparır.
O vaxtdan münaqişədə 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclıq həddinə çatıb.