Dünən – iyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkilərində müxalif CHP-dən Ekrem Imamoglu -nun qələbəsi Qərb mediasının da aparıcı mövzularındandır.
“Türkiyə Prezidenti Recep Tayyip Erdogan bazar günü siyasi karyerasının ən böyük məğlubiyyətini yaşadı”, – “The New York Times” qəzetində Carlotta Gall yazır, bu seçkinin nəticəsinin Türkiyənin ən böyük şəhəri üzərinə nəzarəti müxalifətə verdiyini, Erdogan-ın hakim AK Partiyasının buradakı 25 illik hakimiyyətinə son qoyduğunu vurğulayır.
“Opponentləri deyirlər ki, belə bir itki prezidentin sarsılmazlıq aurasında çat yaradır, onun 16 illik hakimiyyətinin zəiflədiyini ortaya qoyur. Bu məğlubiyyət həm də gələn həftə keçiriləcək Böyük 20-lik sammiti qabağı Birləşmiş Ştatlar və digər ölkələrlə münasibətlərinin gərgin olduğu bir vaxtda Erdogan-ın mövqeyini zəiflədir. O, sammit çərçivəsində ABŞ Prezidenti Donald Trump ilə bir sıra fikir ayrılıqları üzrə danışıqlar aparmağı planlayır”, – müəllif yazır.
Ekrem Imamoglu səslərin 54, rəqibi Binail Yildirim isə 45 faizini yığıb.
Bu seçki “demokratiyanın möhkəmliyini, seçkilərin öz əhəmiyyətini hələ də saxladığını göstərir. Erdogan-ın bütün dövlət resurslarını bu seçkiyə səfərbər etməsinə baxmayaraq Imamoglu 10 faizədək fərqlə qalib gəldi”, – Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun Türkiyə Tədqiqatları proqramının direktoru Soner Cagaptay deyib.
Təhlilçilərin fikrincə, müxalifətin qələbəsi nəinki Erdogan-ın imic və nüfuzuna zərbə vurur, İstanbulun itirilməsinin ona praktik siyasi təsirlərinin olacağı da gözlənir. Bu şəhər Erdogan-ın evi və siyasi bazasıdır, siyasi karyerasına mer kimi buradan başlayıb.
“İstanbulun itirilməsi AKP-nin siyasi mexanizmini vacib gəlir mənbəyindən məhrum edəcək, buraya partiyaya sadiq olanlara subsidiyaların ayrılması, tikinti kontraktları, hökumətyönlü mediaya maliyyə daxildir”, – Xarici Əlaqələr üzrə Avropa Şurasının aparıcı əməkdaşı Asli Aydintasbas belə düşünür.
“Bu, zəncirvari reaksiya doğura, bu ilin sonuna, yaxud 2020-ci ilə erkən seçki çağırıla bilər”, – o, sözlərinə əlavə edib.
Türkiyədə siyasi gərginlik yarana bilər
“Fox News” əməkdaşı Frank Miles isə bu seçkidən sonra Türkiyədə siyasi gərginlik yarana biləcəyini yazır.
Təhlilçilərin deməsinə görə, iqtisadi geriləmə və bir neçə beynəlxalq böhranla çarpışan prezident Erdogan merin səlahiyyətini məhdudlaşdıra, yaxud başqa yollarla Imamoglu-nun səlahiyyətinə zərbə vura bilər.
Johns Hopkins Universitetinin SAIS məktəbindən beynəlxalq münasibətlər üzrə professor köməkçisi Lisel Hintz deyir ki, Imamoglu bölücü bir kampaniyaya qatlaşıb, müsbət mesaj ötürməyə çalışıb.
“İndi Imamoglu-nun bələdiyyə başqanı kimi fəaliyyətinə hansısa müdaxilənin olub-olmayacağını gözləməliyik, maliyyəsi azaldıla, yaxud onun idarəsinin xidmət göstərməsinə əngəl törədilə, yaxud da hansısa hüquqi bəhanəylə vəzifədən kənarlaşdırıla bilər”, – Hintz vurğulayıb.
Erdogan bundan öncə müxalifətdən olan bələdiyyə başqanıyla işləməyə meylli olmadığına eyham vurub, deyib ki, partiyası İstanbulun 39 regionundan 25-nə nəzarət edir, bələdiyyə məclisində çoxluğa malikdir. Imamoglu İstanbulu idarə etməkdən ötrü bütün bu vəzifə sahibləri ilə işləməli olacaq və elə dünənki çıxışında da bunu vəd edib.
O, Erdogan-a müraciət edərək “Sizinlə işləməyə hazıram” deyib.
German Marshall Fondunun Ankara ofisinin direktoru Ozgur Unluhisarcikli-nin fikrincə, İstanbulun itirilməsi hakim partiya üzvləri daxilində, tərəfdarları arasında parçalanma spekulyasiyasını gücləndirə bilər.
“Bu gün AKP-nin seçicilərinin əhəmiyyətli bir qisminin partiya siyasətindən ciddi narazı olduğu aydındır. Müxalifət birləşmişdi. AKP isə artıq parçalanmış bir ailəyə bənzəyirdi”, – o deyib.
Gənclər getmək fikrindən daşınır
BBC isə Türkiyədə bir çox gənclərin hakimiyyətdə yalnız Erdoganın AK Partiyasını gördüyünü, onlar üçün bu seçkinin dəyişiklik fürsəti olduğunu yazır.
“Gənclərin çoxu Türkiyədən getmək istəyir. İndi isə yenidən qalmağı düşünürük. Yenidən ümidlənmişik”, – 22 yaşlı universitet tələbəsi Ayca Yilmaz deyib.
BBC də hakim partiyada çatların artıq göründüyünü, təhlilçilərə istinadla onların bu məğlubiyyətdən sonra daha dərinləşəyə biləcəyini yazır.
“Erdogan çox narahatdır”, – jurnalist və yazar Murat Yetkin seçkidən öncə yazırdı.
“O, əlindəki bütün kartlardan istifadə edir. İstənilən fərqlə uduzması onun son 25 ildə davamlı siyasi yüksəlişinin sonu ola bilər. Əslində, o, prezident vəzifəsində qalır, koalisiyası parlamenti idarə edir, ancaq çoxları onun məğlubiyyətini sonunun başlanğıcı kimi qəbul edəcək”, – o vurğulayıb.