ABŞ-da Demokrat namizədlər ilk debatı keçirib

Demokratlardan namizədlər (yuxarı cərgədə soldan sağa): Senatorlar Bernie Sanders, Kamala Harris, Elizabeth Warren, Cory Booker, Amy Klobuchar, Kirsten Gillibrand, Michael Bennet

ABŞ prezidentliyinə Demokratlardan iddialılar seçki kampaniyasının ilk teledebatını keçiriblər. Amerikalıların seçkiyə getməsinə 16 ay qalır.

26 iyun debatına 10 demokrat qatılıb. Onlar Donald Trump-ın ikinci müddətə prezident seçilməsini önləmək istəyirlər.

Ümumilikdə isə Demokrat partiyasından Trump-a rəqib olmaq istəyənlər 20 nəfərdir. Namizədlərin çoxluğu səbəbindən teledebatlar iki gecə keçirilir.

İranla sazişdə qalmağın tərəfdarlarıdır

İlk debatda ABŞ-ın daxili məsələləri müzakirə olunub: iqtisadiyyat, iş yerləri, səhiyyə və immiqrasiya. İranla gərginliyə də qısaca toxunulub. Namizədləri çoxu deyiblər ki, 2015-ci il nüvə sazişində qalmağın tərəfdarıdırlar. Trump ötən il ABŞ-ın sənəddən çıxdığını elan edib.

Donald Trump

2020-ci ilin noyabr seçkisi kampaniyasının ABŞ-ın seçki tarixində ən bahalı və ağrılı seçkilərdən biri olacağı gözlənir. Bu, Trump-ın siyasəti, iki ildən çox hakimiyyətdə olduğu dövrdə reytinqinin azalmasıyla əlaqədardır.

Demokratlar içində ən çox tanınan iddialılar Prezident Barack Obama-nın vitse-prezidenti olmuş Joe Biden və 2016-cı ildə prezidentliyə namizədliyini vermiş senator Bernie Sanders-dir.

Namizədlər içində tanınmışlardan senator, Harvard professor Elizabeth Warren, Kaliforniyanın baş vəkili olmuş, senator Kamala Harris var.

Demokratlardan namizədliyə iddialıların sayı 2020-ci ilin fevralından azalmağa başlayacaq. Ştatlar praymeriz seçkiləri keçirəcək, nominasiya tədbirləri gerçəkləşəcək.

Partiyanın yekun namizədi 2020-ci ilin yayında, noyabr seçkisindən bir neçə ay öncə bilinəcək.

İndilik, Respublikaçılardan Trump-ın bircə rəqibi var, o da keçmiş ştat qubernatorudur.