Belarus parlamentinin aşağı – Nümayəndələr Palatası 6 min məhkumu əhatələyəcək amnistiya layihəsini təsdiqləyib.
İyunun 28-də iki oxunuşda qəbul olunmuş layihə ölkənin 1944-cü ildə Qırmızı Ordu tərəfindən nasist işğalından azad olunmasının 75 illiyi münasibətilə təqdim olunub.
İndi layihəni yuxarı palata – Respublika Şurası təsdiqləməli, daha sonra Prezident Alyaksandr Lukashenka imzalamalıdır.
Daxili işlər naziri Yury Karayeu deputatlara deyib ki, amnistiya yaşı 18-dən az məhkum və şübhəliləri, hamilə qadınları, azyaşlı uşaqları olan tək ataları, əlilləri, sağalmaz xəstəliyi olanları, hərbi əməliyyat veteranlarını, 1986-cı il Çernobıl faciəsindən sonrakı təmizləmə əməliyyatında iştirak edənləri əhatələyəcək.
Korrupsiya və qanunsuz narkotik maddəyə görə məhkum olunanlar amnistiyaya düşməyəcək.