Azərbaycan medallarının sayını yarıbayarı azaldıb

Belarus, 2019 Avropa oyunları , 19 iyun , 2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarını Azərbaycan 28 medalla başa vurub.Bu gün, iyunun 30-da oyunlar başa çatıb.

Yarışların son saatlarında Azərbaycan daha 2 gümüş medal qazanıb. Karateçilərin yarışında 75 kq çəki dərəcəsində həlledici qarşılaşmada Azərbaycan millisinin üzvü Rafael Ağayev tatamı üzərinə çıxıb.

O, Ukraynadan olan Stanislav Horuna ilə üz-üzə gəlib. Beşqat dünya, 11 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi olan R.Ağayev 0:4 hesabı ilə məğlub olub. Bununla da o yarışları gümüş mükafatla başa vurub.

Bu idman növündə 60 kq çəki dərəcəsində finala çıxan Azərbaycan yığmasının başqa bir üzvü Firdovsi Fərzəliyev də tatamı üzərindən məğlub ayrılıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan F.Fərzəliyev gümüş medalla kifayətlənib.

Azərbaycan yığması Avropa Oyunlarında bütünlükdə 28-ci medal əldə edib. Bunun 5 qızıl, 10 gümüş, 13-ü isə bürüncdür. Azərbaycan bununla da ilk Avropa Oyunlarından elə 28 medal az qazanıb.

Beləliklə, Azərbaycan yığması "Minsk 2019"u 10-cu pillədə başa vurub. Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə Onlar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb.

II Avropa Oyunları iyunun 21-də başlamışdı. Belarus paytaxtı Minskdə keirilən II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılmışdı. Orada idmanın 15 növü üzrə 200 dəst medal uğurunda mübarizə aparılıb. Azərbaycandan Minskə 82 idmançı yollanmışdı.Onlar idmanın 11 növünü təmsil edirdilər.

Xatırlatma

I Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutmuşdu.

--

Bu gün, iyunun 30-da Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan daha bir gümüş və bürünc medal qazanıb.

130 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə yarışan Sabah Şəriəti bürünc medal uğrunda görüşə çıxıb.

O, Norveç təmsilçisi Oskar Marviklə görüşüb. Gərgin keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gələn S.Şəriəti bürünc medala yiyələnib.

İyunun 30-da yunan-Roma güləşində başqa bir Azərbaycan təmsilçisi İslam Abbasov isə 87 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Azərbaycan yığmasının üzvü İslam Abbasov finalda Ukrayna təmsilçisi Jan Belenyukla üz-üzə gəlib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan J. Belenyuk birinci hissədən 3:0 hesabı ilə qalib ayrılıb. Azərbaycan təmsilçisi ikinci hissədə bir xal qazansa da, bundan artığını bacarmayıb. Beləliklə 1:3 hesabı ilə uduzan Azərbaycan güləşçisi Minsk-2019-u gümüş mükafatla başa vurub.