Ukraynanın şərqində bir əsgər öldürülüb

Ukrayna, arxiv fotosu

Ukrayna Donetsk regionunda rusiyapərəst separatçıların tibbi yardım maşınına atəş açdığını, bir əsgərin öldürüldüyünü bildirir.

İyulun 1-də tank əleyhinə raketlə törədilmiş hücumda daha iki hərbçi, bir əsgər, bir hərbi həkim yaralanıb. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Bəyanatda tibbi yardım maşınlarına və tibbi personala hücumların beynəlxalq sazişlərlə yasaqlandığı vurğulanır.

Donetskdəki separatçılar isə Ukrayna silahlı qüvvələrinin bir döyüşçünü öldürdüyünü, digərini yaraladığını bildirib.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 13 mindən çox adam öldürülüb. Minsk sazişləri çərçivəsində elan olunan atəşkəs razılaşmaları nəticəsində döyüşlər səngisə də, onlara tam əməl olunmayıb.