Zelenskiy Kanadada konfransda çıxış edəcək

Volodymyr Zelenskiy

Ukrayna Prezidenti Volodymyr Zelenskiy iyulun 2-də Torontoda keçirilən konfransda ölkəsinin 2014-cü ildə başlamış islahat proqramı çərçivəsində korrupsiyayla necə mübarizə aparmasından danışacaq. Ukrayna İslahat Konfransı üçüncü ildir keçirilir. Məqsəd Ukraynanın islahat prosesinə və Avro-Atlantik inteqrasiyasına beynəlxalq dəstək yığmaqdır.

Ukrayna və Kanadanın birgə keçirdiyi üçgünlük konfransda Kanadanın Baş naziri Justin Trudeau, xarici işlər nazirləri, beynəlxalq təşkilat rəhbərləri, vətəndaş cəmiyyəti fəalları da iştirak edəcək.

Zelenskiy-nin Trudeau, Kanadanın Xarici işlər naziri Chrystia Freeland, parlament üzvləri, şirkət təmsilçiləri ilə də görüşəcəyi gözlənir.

Zelenskiy mayın 20-də prezident andı içib. İyulun 21-də isə Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.