İD-nə üzvlüyə görə 5 illik həbsə məhkum edildi

Suriya, arxiv fotosu

32 yaşlı almaniyalı qadın İslam Dövləti terrorçu qruplaşmasına üzvlüyə görə beş illik həbsə məhkum edilib. Qərarı Almaniyanın Ştutqart şəhər məhkəməsi çıxarıb.

Qadın xarici terrorçu təşkilata üzvlükdə təqsirli bilinəndən sonra iyulun 5-də məhkəmənin qərarı elan olunub.

Almaniyanın gizlilik qanunlarına uyğun olaraq adı Sabine Ulrike S. kimi açıqlanan qadın 2013-cü ilin sonundan 2017-ci ilin avqustunadək Suriyada yaşayıb.

İttihamnaməyə görə, Suriyaya gedəndən az sonra İD döyüşçüsü ilə ailə quran qadın ekstremist qrupun ələ keçirdiyi evlərdə yaşayıb, silah təlimi keçib.

Onun ərinin 2016-cı ildə öldürüldüyü bildirilir. Prokurorlar Sabine S.-nin bloqlarında İD-nin idarəçiliyi altında həyat şəraitini təriflədiyini, bunun yeni üzvlər cəlb etmək niyyəti güddüyü deyir.

Sabine S. məhkəməsində deyib ki, İD üzvlüyündən imtina edib.

O, 2017-ci ildə kürd qüvvələri tərəfindən ələ keçirilib, 2018-ci ilin aprelində Almaniyaya qaytarılıb.