İyulun 7-si axşam saatlarında Qax rayonunun bəzi kəndlərinə güclü dolu düşüb. Bunu Zərnə kənd icra nümayəndəliyindən bildirirlər.
Verilən məlumata görə, dolu rayonun Zərnə və Ləkid kəndlərinə daha çox düşüb. «Hər iki kəndi hissə-hissə vurdu. Dolu yağması 10-15 dəqiqə davam etdi. Dolu təxminən qoz iriliyində idi, meyvə ağaclarına, şəxsi təsərrüfatlara, əmlaklara ziyan dəyib», - nümayəndəlikdən söyləyirlər.
İndi kənd sakinlərinin dolu düşən yolları təmizlədiyi bildirilir.
Hadisə barədə Qax Rayon İcra Hakimiyyətinə məlumat verilib.
Azərbaycanın əsasən meyvəçiliklə məşğul olan şimal-qərb rayonlarında bu il hava şəraiti əlverişsiz keçib. Aprel-may, eləcə də iyun və iyul aylarında bu rayonlara dolu düşüb, ərik və gilas ağaclarına ciddi ziyan vurub. Bu il bazarda həmin meyvələrin baha olmasını ekspertlər həm də hava şəraitinin əlverişsiz keçməsi, dolu düşməsi ilə bağlayırlar.