İran iyulun 8-də ölkənin cənub-qərbində 5,7 bal gücündə zəlzələ olduğunu deyir. Bir neçə binaya ziyan dəyib.
Rəsmi IRNA xəbər agentliyi zəlzələnin Tehrandan 450 kilometr cənub-qərbdə, Xuzestan vilayətinin Məscid Süleyman şəhərində baş verdiyini bildirir.
Azı dörd nəfərin xəsarət aldığı xəbər verilir.
Şahidlərin qərb agentliklərinə bildirməsinə görə, titrəyişlər şəhər mərkəzində binalara ziyan vurub, bir neçə köhnə bina tamamilə dağılıb.
Dövlət televiziyası ətraf kənd yerlərinə xilasedicilər göndərildiyini bildirir.
ABŞ Geoloji Xidməti isə zəlzələnin şəhərdən 28 km cənub-şərqdə, 10 km dərinlikdə baş verdiyini, bir neçə afterşok qeydə alındığını qeyd edir
2003-cü ildə İranın cənubundakı Bam şəhərində 6,6 bal gücündə zəlzələdə 26 min nəfər həlak olmuşdu.
Seysmik zonada yerləşən İranda günə ortalama bir zəlzələ baş verir.